Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında monitorinqləri davam etdirir. AQTA-nınİnformasiya təminatı və innovativ həllər şöbəsindən Foodinfo.az-a verilən məlumata görə, monitorinqlər çərçivəsində iyul ayının 14-də Bakı və Sumqayıt şəhərlərində yerləşən yarmarkalara baxış keçirilib, satışa çıxarılan məhsulların mənşə sənədləri yoxlanılıb, eyni zamanda laborator müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülüb. Agentliyin mütəxəssisləri yarmarkalarda keçirilən monitorinqlərin ilkin nəticələrini – məhsulların qablaşdırma, daşınma və satış şəraiti ilə bağlı aşkar olunan nöqsanları diqqətə çatdırıb. Monitorinqlər zamanı aparılan maarifləndirmə işləri çərçivəsində, satışla məşğul olan vətəndaşlara qida təhlükəsizliyi qaydaları ilə bağlı, istehlakçılara isə məhsul seçərkən qida təhlükəsizliyi sahəsində diqqət edilməli xüsuslar haqqında məlumatlar verilib. Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi ötən həftədən etibarən Kənd təsəsrrüfatı məhsullarının satışı yarmarkalarında monitorinqlərə başlayıb və monitorinqlərin nəticələri ilə bağlı ictimaiyyətə mütəmadi şəkildə məlumatlar çatdırılır.