Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yeni istifadəyə verilmiş qida və metrologiya laboratoriyalarının təqdimatını keçirib. Təqdimat zamanı bildirilib ki, laboratoriyada bütün növ ərzaq və kənd təsərrüfatı məhsullarının müxtəlif parametrləri üzrə sınaqlar aparılır. Laboratoriya ölkədə akkreditasiyadan keçməklə yanaşı, Almaniya Akkreditasiya Qurumu tərəfindən də akkreditasiya olunub. Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasının müdiri Türkan Abbasova açıqlamasında bildirib ki, laboratoriyada həm toxumlar, həm bitkilər, həm də işlənmiş məhsullar, şokaladlar, yağlar və s. yoxlanılır. “Qida məhsulları əsasən 4 elementə görə təyin edilir. 3 S, FMB, Bar və NOS. Hələlik bizdə keyfiyyət analizləri aparılır. Lakin dünyada qoyulan qanunvericilik dəyişib, norma qoyublar. Bu kəmiyyət analizidir. Biz artıq bunu da etmək iqtidarındayıq. Nümunə hazırlığı gedir. DNT-nin ekstraksiyası gedir. Bu, stril şəraitdə olmalıdır. Daha sonra ekstraksiya edilmiş DNT ampifaksiya prosesi gedir. Yəni DTN çoxalır və onun genetik motifikasiyası yoxlanılır. Ətin hansı heyvana məxsus olduğu yoxlanılır”, - deyə Türkan Abbasova bildirib. Qurum rəsmisi həmçinin vurğulayıb ki, laboratoriyada yoxlamalar zamanı bəzən məhsulun normaya uyğun olmadığı müəyyən olunur. Bəzi hallarda halal məhsullar, məsələn kolbasanın tərkibi halallıq sertifikatına uyğun gəlmir. “Bizə istehsalçı müraciət etmişdi. Onun hazırladığı məhsulda, kolbasada çirklənmə aşkarlandı. Sonra o, məhsulda istifadə etdiyi inqridientləri yoxlatdırdı ki, bu çirklənmə mənbəyi haradan gəlir. Bəzən məhsul istehsal edən şirkət malın tərkibində özü də bilmədən hansısa ziyanlı maddə qatıla bilər. Çünki şirkət məhsuluna vurduğun inqirdientləri başqa ölkələrdən alır. Ola bilər ki, onların tərkibində qatqılar olsun. Yəqin ki, həmin məhsullara dair də halallıq sertifikatı olmalıdır. Bu zaman ya istehlakçının daxili laboratoriyası olmalıdır, yaxud da bizim kimi laboratoriyalara müraciət edib, məhsulu daim yoxlatdırmalıdır”. “GMO məhsullarında normalar necə hesablanır” sualına Türkan Abbasova belə cavab verib: “Avropada heç bir toxum, yaxud bitkidə GMO məhsullarının əkininə icazə verilmir. Çörəyə soya unu qatılırsa, bu zaman malın içərisində GMO məhsulu 0,9 faizdən çox olmamalıdır. Bunu Avropa laboratoriyalar belə yoxlayırlar. Bizdə isə ümumiyyətlə GMO məhsullarına icazə verilmir. Dünya praktikasında GMO məhsulları daha çox heyvan yeməklərində olur. Tərkibinə görə proteini çox olan soya quş fermalarına verilir”. (Real TV)