Qida sahəsi üzrə ixtisaslaşmış Foodinfo.az xəbər portalı ilə birgə əməkdaşlıq çərçivəsində “ACT Azərbaycan” Bakıda ərzaqla bağlı növbəti sorğu keçirib. Foodinfo.az-ın xəbərinə görə, sorğu nəticəsində məlum olub ki, əhali ərzaq alarkən ən çox onun istehsal tarixinə diqqət edir. Respodentlərin 44%-i seçimini buna əsasən etdiyini bildirir. Məhsulun tərkibi də paytaxtlıların seçimində vacib amildir (31 %). Maraqlıdır ki, digər amillərin göstəriciləri sorğu liderlərindən qat-qat aşağıdır. Belə ki, ərzağın qiyməti 5%, təravətliliyi isə 3 % səs toplayıb. Məhsulun istehsal yeri, hansı brendə məxsusluğu və dadı 2% respondentin vacib bildiyi amillərdir. Halallıq faktoru ən sonuncudur (1 %). Rəyi öyrənilən hər on nəfərdən biri isə ərzaq alarkən hansı amillərə fikir verdiyindən xəbərsizdir (10%). Sorğu 2-7 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir. Beləliklə, cavabların tam siyahısını təqdim edirik: Ərzaq seçimində hansı amillərə fikir verirsiniz ? İstehsal tarixi - 44% Tərkibi - 31 % Bilmirəm - 10% Qiymət - 5 % Təravətlilik - 3% İstehsal məkanı - 2 % Brend olması - 2 % Dadı - 2 % Halal olması - 1 %