Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin müvafiq qurumlarının əməkdaşları arasında onlayn görüş keçirilib. Foodinfo.az-ın məlumatına görə, görüşdə iştirakçılara Agentliyin fəaliyyət istiqamətləri, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən ardıcıl tədbirlər, tətbiq olunan yeniliklər barədə geniş məlumat verilib. Daha sonra İƏT-yə üzv ölkələr arasında heyvan sağlamlığı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, dövri fəaliyyət planı, İƏT-in baytarlıq komissiyasının (ECO-VECO) nizamnaməsi və ölkələrimizdə transsərhəd heyvan xəstəliklərinin epizootik vəziyyətinə dair məsələlər müzakirə edilib. Görüş zamanı ölkələrimizdə qida təhlükəsizliyi sisteminin formalaşdığı, xəstəlikdən azad zonanın yaradıldığı, ixrac potensialının artırılmasının təşviq olunduğu qeyd edilib.  Eyni zamanda İƏT-də təmsil olunan ölkələrin hazırda heyvan və heyvan mənşəli məhsulların ticarətinin aparılması üçün çox böyük potensiala malik olduğu bildirilib. Qeyd edilib ki, üzv ölkələr arasında ticarətin aparılmasına maneələrin bir hissəsi regional baytarlıq infrastrukturunun uyğun olmaması və transsərhəd heyvan xəstəliklərinə nəzarətin icrasındakı çətinliklərlə bağlıdır. Sonda İƏT-nin regional tədbirinin təşkilatın nüfuzunun artmasına, baytarlıq sahəsi üzrə informasiya yayımının genişlənməsinə və çoxtərəfli əlaqələrin yaxşılaşmasına müsbət təsir edəcəyi bildirilib. [gallery ids="51663,51664"]