Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədi ilə keçirilən təlimlər davam etdirilir. Foodinfo.az xəbər verir ki, növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən “SAF Catering edu” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “Qida istehsalında şəxsi gigiyena” mövzusunda təşkil olunub. Təlimdə iştirakçılar qida zəncirinin bütün mərhələlərində, o cümlədən istehsal zamanı yerinə yetirilməsi vacib olan gigiyena qaydaları barədə məlumatlandırılıb. Həmçinin qida istehsalı müəssisələrində şəxsi gigiyena qaydalarına əməl edilməsinin xüsusi əhəmiyyət daşımasından bəhs olunub, proses əyani formada iştirakçılara izah edilib. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim olunub.