Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan hökumətinin Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqlarında və digər ticari fəaliyyətlərdə potensialının artırılması” layihəsi çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) seminar keçirilib. Seminar “SPS Məlumat Mərkəzinin funksiyalarının operativləşdirilməsi” mövzusuna həsr olunub. Foodinfo.az-ın məlumatına görə, seminarda sözügedən layihənin eksperti Alidə Mahmudova, AQTİ-nin Hüquqi təminat şöbəsinin, eləcə də Azərbaycan Standartlaşdırma İnstitutunun mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, SPS Məlumat Mərkəzi - ÜTT-yə üzv dövlətlərə Sanitar və Fitosanitar Tədbirlərin Tətbiqi haqqında Sazişdən irəli gələn məsələlər üzrə normativ hüquqi aktlar və müvafiq prosedurlar haqqında bildirişlərin verilməsi, Azərbaycanın xarici ticarət tərəfdaşlarından daxil olan sorğuların cavablandırılaması və digər funksiyaları yerinə yetirir. Ölkəmiz ticarətlə əlaqəli sahələrdə potensialını gücləndirmək məqsədilə beynəlxalq qurumlar və donor təşkilatlarla əməkdaşlıq edir. Bu qurumların sırasına ÜTT ilə yanaşı, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Birliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi daxildir. ÜTT-yə üzvlük istiqamətində Azərbaycan hökumətinə göstərilən dəstəyin iqtisadi şaxələnməyə və qeyri-neft sektorunun inkişafına töhfə verəcəyi gözlənilir.