Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşlarının peşəkarlığının yüksəldilməsi, səriştəliliyinin artırılması məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri inkişaf etdirilir, İnstitut mütəxəssisləri mütəmadi olaraq xarici ölkələrdə keçirilən təlimlərə qatılır, təcrübə mübadiləsi aparırlar. Foodinfo.az-a verilən məlumata görə, növbəti təcrübə mübadiləsi “Azərbaycanda sanitar və fitosanitar tədbirlərinin gücləndirilməsi” üzrə Tvininq layihəsi çərçivəsində Latviyanın BIOR laboratoriyasında baş tutub. Səfər çərçivəsində AQTİ mütəxəssislərinə BIOR laboratoriyalarının fəaliyyəti, onların beynəlxalq təşkilatlarla əməkdaşlığı və maddi-texniki bazası barədə məlumat verilib. Daha sonra tanışlıq və iş prinsipini öyrənmək məqsədilə mütəxəssislər laboratoriyalara baxış keçiriblər. Təlim çərçivəsində AQTİ-nin laboratoriya mütəxəssisləri müxtəlif nümunə hazırlanma metodologiyasından istifadə etməklə bitki mənşəli məhsullarda pestisidlərin qalıqlarının təyini, mikotoksinlərin çoxkomponentli təyini və digər kimyəvi maddələrdən çirklənmənin təyini üzrə analiz prosesində iştirak edib, alınan nəticələrin təhlilini həyata keçiriblər. Eyni zamanda mütəxəssislər Avropa İttifaqının 401/2006, 396/2005 qaydalarına, SANTE/11312/2021 və SANTE/12089/2016 sənədlərinə uyğun olaraq müxtəlif nümunə hazırlama metodologiyaları ilə tanış olaraq yeni metodların tətbiqi sahəsində təcrübə mübadiləsi aparıblar. Qeyd edək ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə AQTİ nəzdindəki laboratoriyalarının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görülür. [gallery ids="49816,49817,49818"]