Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədi ilə keçirilən təlimləri davam etdirir. Foodinfo.az xəbər verir ki, növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən "Mama`m Chocolate & Bakery MMC" şirkətinin əməkdaşları üçün “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda təşkil olunub. Təlimdə iştirakçılara HACCP sisteminin yaranması, inkişaf tarixi, prinsipləri və üstünlükləri, eləcə də, "Qida təhlükəsizliyi haqqında" qanunda nəzərdə tutulan HACCP-a əsaslanan daxili nəzarət sistemlərinin tətbiqi vəziyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, HACCP qida təhlükəsizliyinin idarə olunması üçün mühüm əhəmiyyət kəsb edən, qida va yem məhsullarında təhlükə amillərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və nəzarəti sistemidir. Bu sistem qida zəncirinin bütün mərhələlərində iştirak edən müəssisələrdə asanlıqla tətbiq oluna bilər. Həmçinin HACCP sisteminin effektiv işləməsini təmin etmək üçün əlavə müşahidə və təhlil də daxil olmaqla, yoxlamaların aparılması zəruridir. Sonda təlim iştirakçılarının sualları cavablandırılıb.