Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədi ilə keçirilən təlimləri davam etdirir. Foodinfo.az xəbər verir ki, onlayn təşkil olunan növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən “Azərbaycan Duz İstehsalat Birliyi” QSC-nin əməkdaşları üçün “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda reallaşdırılıb. Təlimdə iştirakçılara HACCP sisteminin yaranması, inkişaf tarixi, prinsipləri və üstünlükləri haqqında ətraflı məlumat verilib. Həmçinin qeyd olunub ki, HACCP sisteminin effektiv işləməsini təmin etmək üçün əlavə müşahidə və təhlil də daxil olmaqla, yoxlamaların aparılması zəruridir. Eləcə də qaydalara riayət olunmasını əks etdirən bütün sənədlərin toplanması və işlək vəziyyətdə saxlanması vacibdir. Təlim zamanı iştirakçılar “ISO 22000:2018 qida təhlükəsizliyi idarəetmə sistemi: qida zəncirində iştirak edən müəssisələr üçün ümumi tələblər” və “ISO 22000 standartının üstünlükləri, HACCP sistemi ilə ISO 22000:2018 arasındakı əlaqə” mövzularında da məlumatlandırılıb. Təlimdə iştirakçıların sualları cavablandırılıb.