Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektləri və əməkdaşları üçün nəzəri-praktiki təlimləri davam etdirir. Növbəti təlim “HACCP prinsipləri əsasinda qida təhlükəsizliyinin təmin edilməsi" mövzusuna həsr olunub. İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən Foodinfo.az-a verilən məlumata görə, təlim iştirakcılarına HACCP (Hazard Analysis and Critical Control Point – Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) sisteminin yaranması, inkişaf tarixi, prinsipləri və üstünlükləri barədə geniş məlumat verilib. Qeyd edilib ki, HACCP qida təhlükəsizliyinin idarə edilməsi üçün mühüm əhəmiyyət kəsb edən, qida və yem məhsullarında təhlükə amillərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və nəzarət sistemidir. Bu sistem qida zəncirinin bütün mərhələlərində iştirak edən müəssisələrdə asanlıqla tətbiq oluna bilər. Təlimdə iştirakçılara "ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi: Qida zəncirində iştirak edən müəssisələr üçün ümumi tələblər" və "ISO 22000 Standartının üstünlükləri, HACCP sistemi ilə ISO22000:2018 arasında əlaqə" mövzuları ətrafli izah olunub. Qeyd edək ki, AQTİ tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədilə mütəmadi təlimlər keçirilir.