Mövləviliyin beşiyi, Cəlaləddin Ruminin vətəni olan Konya həm də Anadolu mətbəxinin mərkəzi hesab olunur. Konyalılar öz tarix və mədəniyyətlərinə sahib çıxdıqları kimi mətbəx ənənələrini də yaşadırlar. Çatalhöyükdən bəri müxtəlif sivilizasiyalara ev sahibliyi edən şəhər tarixi irsini yeməklərində də daşıyır.  Foodinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Konyada hələ də qədim bişirilmə üsulları ilə yeməklər təklif edən restoranlar var. Burada yeməklərdə pomidor, badımcan, bibər kimi tərəvəzlərdən istifadə edilmir. Müştərilərə orta əsrlər dövründə yeyilən yeməklər elə o dövrdəki qaydada verilir. Konya mətbəxi yemək növləri, bişirmə üsulları, süfrə tərtibatı ilə özünəməxsusdur. Dünyada mətbəxdə ilk komanda işinin məhz Mövləvi mətbəxində olması da bu mətbəxin möhtəşəmliyini göstərən vacib faktdır. Həmçinin dünyada türbəsi olan ilk baş aşpaz - Ateşbaz Vəli də məhz Konyada yaşayıb. Həzrəti Mövlananın baş aşpazı olan bu şəxsin məzarı Konyadadır. Bu fakt konyalıların yeməyə və onu hazırlayan şəxsə olan sevgisini əks etdirir. 200 il Səlcuqlu dövlətinin paytaxtı olan Konyanın mətbəxi haqqında bəzən belə deyirlər: “Səlcuqi saraylarında inkişaf edib, Mövləvi ədəb-ərkanı ilə yoğrulub”. Konyalıların sözlərinə görə, şəhərdə əcnəbi yeməklər təklif edən restoranlar açılsa da, əhalinin öz mətxəinə sevgisi onların ömrünü qısa edir. Belə ki, bir müddətdən sonra həmin restoranların girişində əcnəbi yeməklərlə yanaşı yerli yeməklərin də menyusu yerləşdirilir. Konyaya səfər edən bütün qonaqlar ən çox fırın kababı, ətli ekmek və pendirli pidenin dadına baxırlar. Bu üç yemək konyalılarla yanaşı əcnəbilərin də diqqətini də çəkir. Fırın kababının Səlcuqlular dövründən gəldiyini söyləmək olar. Həzrəti Mövlananın əsərlərində kabab və kəllə kababı bişirən yeməkxanalardan bəhs edilir. Tirit də Konyanın ən məşhur yeməklərindən biridir. Mərkəzi Anadoluda hazırlanan bamya şorbası Konyada klassik menyularda qəlyanaltı kimi əhəmiyyətlidir. Konyada toy və şənlik süfrələrində verilən bu yemək qurudulmuş çiçək bamya və ətlə hazırlanır. Ənənəvi Konya “Höşmerim”i də Konyada ən sevilən şirniyyatlardandır. Qaymaq, süd, şəkər və unla hazırlanan şirniyyat un halvasına bənzəyir. Sac arası şirniyyatı da Konyada ləzzətli desert hesab olunur. Qədim dövrlərdə hazırlanmış desert iki sac arasında bişirildiyinə görə ona bu ad verilib.