25 noyabr 2022-ci il tarixində saat 12:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Təhlükəsiz qida” adlı onlayn verilişi Feysbuk sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq. Verilişdə 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu, bu qanunda nəzərdə tutulan qida məhsullarının etiketlənməsi ilə əlaqədar yeniliklər, xüsusi təyinatlı qida məhsullarına nəzarət və qida zənciri üzrə fəaliyyət göstərən obyektlərdə çalışan işçilərin tibbi müayinədən keçirilməsinə dair tələblərlə bağlı izləyicilərə geniş məlumat veriləcək. Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları AQTA-nın Qida zəncirinə nəzarət şöbəsinin müdiri Elşad Cəbrayılova ünvanlaya bilərsiniz. “Təhlükəsiz qida” onlayn veriliş layihəsinin reallaşdırılmasında məqsəd qida məhsulları istehlakçılarının, habelə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsini təmin etməkdir.