Stress və gərginlik həm bədənə, həm də beyinə mənfi təsir göstərir. Lakin bəzi təbii içkilər bu halı yüngülləşdirməyə və orqanizmin sakitləşməsinə kömək edə bilər. Mütəxəssislər qeyd edir ki, bu içkilər sağlamlıq üçün təhlükəsizdir və gündəlik həyat ritminə rahatlıq və balans gətirir.

"Real Simple" nəşri qeydiyyatlı diyetoloq Karolina Şnayderin stressi azaltmağa və zehnin sakitliyini qorumağa kömək edən beş əsas içkini açıqladığını yazıb.

Mütəxəssisin sözlərinə görə, maqnezium və aşvaqanda (yuxu gətirən vitaniya) əsaslı içkilər xüsusilə effektivdir.

"Aşağı maqnezium səviyyəsi artan stresslə əlaqəlidir. Maqnezium GABA reseptorlarını aktivləşdirərək sakitləşməyə kömək edir", - deyə Şnayder bildirib.

Aşvaqanda isə bədəndə kortizol hormonunun səviyyəsini azaldaraq sinir sisteminin tarazlığını təmin edir.

Ekspertin tövsiyə etdiyi 5 sakitləşdirici içki:

Çobanyastığı çayı - kofeinsiz sakitləşdirici təsiri ilə tanınır. "Apigenin" adlı antioksidant sayəsində beyin reseptorlarına təsir edərək rahatlıq yaradır.

Yaşıl çay - az miqdarda kofein tərkibli olsa da, tərkibindəki L-teanin sayəsində həm sakitlik, həm də diqqət mərkəzləşməsi təmin edir.

Qaynar şokolad - kakao tərkibli bu içki triptofan sayəsində serotonin və melatonin istehsalını artırır, əhvalı və yuxu keyfiyyətini yaxşılaşdırır.

Turş albalı şirəsi - melatonin, triptofan və prosiandidin B-2 ilə zəngin olub, oksidləşmə stresini azaldır və əzələlərin bərpasını dəstəkləyir.

İlıq süd - triptofan, B vitaminləri, melatonin və maqnezium sayəsində sakitləşdirici təsir göstərir, rahat yuxuya kömək edir.

Bu içkilər dərmansız şəkildə stresslə mübarizə aparmaq və təbii rahatlıq əldə etmək üçün ən sağlam yollardan sayılır (milli.az).