Axşam yeməyi yalnız həzm prosesinə deyil, həm də yuxunun keyfiyyətinə birbaşa təsir göstərir. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, qastroenteroloq Olqa Çistik yuxunu möhkəmləndirən axşam qidalanmasının əsas prinsiplərini açıqlayıb.

Həkimin sözlərinə görə, axşam yeməyi yüngül və balanslaşdırılmış olmalıdır. Qida və içkilər isti şəkildə qəbul edilməlidir, çünki soyuq yeməklər mədə divarlarını qıcıqlandırır və orqanizmin rahatlamasına mane olur. Səhərədək sakit və dərin yuxu almaq üçün şirniyyat və kofeinli içkilərdən uzaq durmaq tövsiyə olunur.

“Şəkərin və stimullaşdırıcı maddələrin artıqlığı orqanizmdə stress hormonu olan kortizolun səviyyəsini yüksəldir, bu da yuxuya getməyi çətinləşdirir. Hətta yuxudan altı saat əvvəl içilən bir fincan kofe belə dərin yuxu fazasını 15–20 faiz azalda bilər”, — deyə Olqa Çistik bildirib.

Mütəxəssis qeyd edib ki, nə çox yemək, nə də tam ac qalmaq düzgün deyil. Ən faydalısı orqanizmi yormadan, eyni zamanda toxluq hissi yaradacaq yüngül yeməkdir.

Axşam idman edənlər üçün həkim zülal və karbohidratla zəngin, lakin yüngül yeməkləri tövsiyə edib: meyvə ilə kəsmik, tərəvəzlə bişmiş balıq, omlet və ya az yağlı zapekanka ideal seçim hesab olunur.

Gec işdən qayıdanlara isə axşam yeməyini iki mərhələyə bölmək məsləhət görülür: əvvəlcə kiçik bir qəlyanaltı, daha sonra yuxuya getməzdən bir saat əvvəl az miqdarda yüngül yemək.

Uçuş zamanı, xüsusilə saat qurşaqları dəyişəndə, axşam yeməyi daha sadə olmalıdır — salat, az yağlı balıq və bir neçə ədəd qoz-fındıq bədəni yormadan doyurmaq üçün kifayətdir.

Olqa Çistik əlavə edib ki, yuxuya getməzdən 1–1,5 saat əvvəl sonuncu dəfə su içmək məqsədəuyğundur. Bu, gecə tez-tez oyanmaların qarşısını alır. Əgər insan məşqdən və ya hamamdan sonra güclü susuzluq hiss edirsə, yuxudan əvvəl 100–150 millilitr su içmək olar, lakin tamamilə mayedən imtina etmək düzgün deyil.

Mütəxəssisin fikrincə, düzgün axşam qidalanması orqanizmi yükləmir, həzmi asanlaşdırır və sağlam, dərin yuxunun təməlini yaradır.