Son illərdə gənclər arasında məşhur olan “bubble tea” içkisinin həddindən artıq qəbulu sağlamlıq üçün təhlükə yarada bilər. Foodinfo.az “Gazeta.ru” saytına istinadla xəbər verir ki, bu barədə Skandinaviya Sağlamlıq Mərkəzinin cərrahı Dmitri Monaxov məlumat verib.
Həkimin sözlərinə görə, bu içkinin əsasını təşkil edən tapioka kürəcikləri nişastadan hazırlanır. Nişasta soyuduqda yapışqan hal alır və insan orqanizmində çətin həzm olunur. Bu səbəbdən “bubble tea” içkisini çox içmək mədə-bağırsaq pozğunluqlarına və həzm sistemində yüklənməyə səbəb ola bilər.
Monaxov xəbərdarlıq edib ki, bu içkini ac qarına içmək xüsusilə zərərlidir, çünki səhər saatlarında mədə selikli qişası belə ağır və şəkərli tərkibə hazır olmur.
O əlavə edib ki, “bubble tea” adətən yüksək miqdarda şəkər və süni ətirvericilər ehtiva edir, bu isə artıq çəki, insulin balansının pozulması və diş minasının zədələnməsi kimi fəsadlara gətirə bilər.
Mütəxəssis tövsiyə edir ki, belə içkilər yalnız bəzən və az miqdarda qəbul edilsin, gündəlik qidalanmanın bir hissəsinə çevrilməsin.






