Payız mövsümündə alma, darçın və baldan hazırlanan ev şirniyyatları həm qida dəyərlərinə görə faydalıdır, həm də evə istilik və rahatlıq gətirir. Foodinfo.az “İzvestiya” nəşrinə istinadla xəbər verir ki, bu təbii ərzaqlar bədənin müqavimətini artırır, enerjini gücləndirir və orqanizmi vitaminlərlə təmin edir.
Alma, bal və darçınla bişmiş şirni — payızın klassik ləzzəti
Ən sevilən payız şirniyyatlarından biri sobada bişirilmiş alma desertidir. Sərt və turşməzə dadı olan “Antanovka” və ya “Qrenni Smit” kimi almalar bu resept üçün uyğundur. Almalar iki hissəyə bölünür, içi çıxarılır və içinə təbii bal, üyüdülmüş darçın və az miqdarda kərə yağı əlavə edilir. 180 dərəcədə 25–30 dəqiqə bişdikdə alma həm yumşalır, həm də ətriylə evi bürüyür. Bu şirni vitamin A, C, dəmir və antioksidantlarla zəngindir, payız aylarında orqanizmi gücləndirir.
Darçınlı alma pirojaları — çay süfrəsinin sevimlisi
Payız axşamları üçün digər ləzzətli seçim darçınlı və ballı alma pirojalarıdır. Xəmiri un, kərə yağı, yumurta və az miqdarda şəkərlə hazırlanır. İçlik isə xırda doğranmış alma, limon suyu, bal və darçının qarışığından ibarət olur. Pirojalar sobada qızılı rəng alanadək bişirilir və isti halda süfrəyə verilir. Bu şirni həm doyurucu, həm də qoxusuyla rahatlıq bəxş edən bir nemətdir.
Krambl — xırtıldayan səthi ilə fərqli dad
Əgər bir qədər fərqli şirni dadmaq istəyirsinizsə, alma və darçınla hazırlanan krambl da gözəl seçimdir. Onun üzərinə un, şəkər və yağdan hazırlanmış xırda qırıntılar səpilir, sobada bişdikdən sonra xırtıldayan təbəqə əmələ gətirir. İsti halda yoqurt və ya dondurma ilə birlikdə süfrəyə verilir.
Faydaları
Bu üçlüyün birləşməsi həm dadlı, həm də faydalıdır. Alma orqanizmdən zərərli maddələri çıxarır, immuniteti gücləndirir, darçın qan dövranını yaxşılaşdırır, bal isə təbii enerji mənbəyidir və orqanizmdə iltihabı azaldır.
Ərzaq seçiminə dair məsləhətlər
Şirniyyatlarınızın həm ləzzətli, həm də faydalı olması üçün yalnız təzə və bütöv almalar seçin. Balın təbii olması vacibdir — ən yaxşısı çiçək, cökə və ya qarabaşaq balıdır. Darçın tünd-qəhvəyi rəngdə və kəskin ətirli olmalıdır. Bu ədviyyəni ölçülü şəkildə — hər 3–4 alma üçün bir çay qaşığı miqdarda əlavə etmək kifayətdir.
Dad tarazlığını qorumaq üçün balın şirinliyini və almanın turşluğunu uyğunlaşdırmaq vacibdir. Həmçinin, qoz, vanil və ya bir çimdik dəniz duzu əlavə etməklə yeni ləzzətlər də yarada bilərsiniz.






