Yaponiyanın Sibaura Texnologiya İnstitutunun alimləri müəyyən ediblər ki, kakao, qırmızı şərab və giləmeyvələrdə olan flavanollar beynin fəaliyyətini fəallaşdıraraq yaddaşı, diqqəti və öyrənmə qabiliyyətini artırır. Foodinfo.az Gazeta.ru-ya istinadla xəbər verir ki, bu nəticələr Current Research in Food Science jurnalında dərc olunub.
Alimlər bildiriblər ki, flavanollar neyronları qoruyur və idrak qabiliyyətini yaxşılaşdırır. Lakin bu maddələrin orqanizm tərəfindən mənimsənilmə dərəcəsi çox aşağıdır. Yapon tədqiqatçıları araşdırma zamanı ehtimal ediblər ki, flavanolların acı və büzücü dadı belə beyin üçün stimullaşdırıcı təsir göstərə bilər.
Siçanlar üzərində aparılan təcrübələrdə flavanollar bədən çəkisinin hər kiloqramına 25 və 50 milliqram olmaqla verilib. Nəticədə bu birləşmələri qəbul edən siçanlar daha fəal olublar, məkan oriyentasiyası və öyrənmə qabiliyyətləri yaxşılaşıb.
Beyin analizləri göstərib ki, flavanollar dopamin və noradrenalin kimi maddələrin səviyyəsini yüksəldir. Bu maddələr insanın diqqətini, motivasiyasını və stressə reaksiyasını tənzimləyən neyromediatorlardır. Eyni zamanda, onların sintezi və daşınmasında iştirak edən fermentlərin fəaliyyəti də artıb.
Tədqiqat nəticəsində həmçinin hipotalamusun paraventrikulyar nüvəsində aktivliyin artdığı müşahidə olunub. Bu hissə stressin idarə olunması və sinir sisteminin işinə cavabdehdir. Alimlər qeyd edirlər ki, flavanolların beyində yaratdığı təsir orta səviyyəli fiziki fəaliyyətin təsiri ilə oxşardır.
Araşdırmanın rəhbəri, doktor Yasuyuki Fuçinin sözlərinə görə, flavanolların acı dadı sinir ucları vasitəsilə beyinə siqnal göndərərək sinir sistemini fəallaşdıra bilir. Bu səbəbdən, həmin maddələr orqanizm tərəfindən az mənimsənsə belə, beyində yaddaşı və zehni fəaliyyəti yaxşılaşdıran fizioloji prosesləri işə sala bilər.
Beləliklə, acı dadlı təbii məhsullar – məsələn, tünd kakao, qara şokolad, giləmeyvələr və bəzi bitkilər – təkcə dadına görə deyil, həm də beyin üçün faydalı təsirinə görə gündəlik rasionda yer almalıdır.






