Qış aylarında evdə hava sərin olduqda bəzən isti geyimlər belə kifayət etmir. Bu zaman bədəni daxildən isidən düzgün içki həm istilik, həm də rahatlıq hissi yaradır. Foodinfo.az Rbc.ua saytına istinadla xəbər verir ki, mütəxəssislər isti içkilərin qan dövranını sürətləndirdiyini və orqanizmin soyuğa daha tez uyğunlaşmasına kömək etdiyini bildirirlər.

Məlumata görə, isti içkilər yalnız istiliyi qorumaqla kifayətlənmir, eyni zamanda əzələləri rahatladır və ümumi gərginliyi azaldır. Xüsusilə təbii ədviyyatlarla hazırlanan içkilər daha güclü isidici təsirə malik olur. Bu səbəbdən qış aylarında belə içkilərə üstünlük verilməsi tövsiyə olunur.

Mütəxəssislər ev şəraitində asanlıqla hazırlanan sadə bir içkini ideal seçim kimi göstərirlər. Bunun üçün su və ya süd, qara və ya yaşıl çay, bal, zəncəfil, darçın və istəyə görə limon istifadə olunur. Bu məhsullar birləşdikdə həm bədəni isidir, həm də xoş ətir yaradır.

Hazırlanma qaydasına görə, əvvəlcə su və ya süd qaynadılır, daha sonra çay və ədviyyatlar əlavə edilərək bir neçə dəqiqə dəmlənir. İçki bir qədər soyuduqdan sonra bal və sitrus meyvələri qatılır. Nəticədə yumşaq dadlı və güclü isidici təsirə malik içki alınır.

Bu içki xüsusilə çöldən üşüyərək gələndə, soyuq otaqda uzun müddət qaldıqda və ya axşam saatlarında rahatlanmaq istədikdə faydalıdır. Mütəxəssislər içkini asta-asta, xırda qurtumlarla içməyi məsləhət görürlər. Bu halda istilik daha uzun müddət bədəndə qalır və təsiri daha aydın hiss olunur.