Yay aylarında bədəni nəmləndirmək üçün içkilərə daha çox ehtiyac yaranır. Lakin bəzi içkilər susuzluğu azaltmaq əvəzinə, orqanizmi daha da zəif sala bilər. Foodinfo.az xəbər verir ki, tibb üzrə fəlsəfə doktoru, “Gemotest” laboratoriyasının mütəxəssisi, həkim Yekaterina Demyanovskaya isti havada istifadə edilməməli olan içkilərlə bağlı əhəmiyyətli xəbərdarlıq edib. Onun sözlərinə görə, spirtli içkilər yay üçün ən zərərli içki hesab olunur.

“Alkoqol orqanizmdə vazopressin adlı hormonun fəaliyyətini bloklayır. Bu hormon bədəndə suyun saxlanmasına cavabdehdir. Nəticədə böyrəklər bədəndən ehtiyacdan artıq maye çıxarır və insan kifayət qədər su içsə belə, yenə susuzlaşır,” – deyə həkim izah edib. Etil spirti həm də damarları genişləndirir, bu isə bədənin istilik tənzimlənməsini pozur. İsti havalarda bir stəkan şərab belə insanı tez sərxoş edə və bədəni gücdən sala bilər. Həkim əlavə edir ki, bu, istivurma riskini dəfələrlə artırır və vaxtında müdaxilə edilməzsə, ciddi fəsadlara səbəb ola bilər.

Demyanovskaya həmçinin şirin qazlı içkilər və hazır meyvə şirələrinin də susuzluğu azaltmadığını, əksinə, daha çox susuzluq hissi yaratdığını bildirir. Onun sözlərinə görə, belə içkilər qan şəkərini kəskin şəkildə artırır və sonra sürətlə salır ki, bu da orqanizmdə zəiflik, yuxululuq və halsızlıq yaradır.

Mütəxəssis qeyd edir ki, isti havalarda şirniyyatlar – konfet, tort və digər un məmulatları da bədəni ağırlaşdırır və enerjini azaldır. Bu tip qidalar yayda qəlyanaltı üçün uğurlu seçim deyil. Həmçinin kofeinli içkilər – qəhvə və tünd çay da isti havalarda tövsiyə edilmir, çünki bu içkilər təzyiqi artıra və bədəndəki mayeni daha tez itirməyə səbəb ola bilər.

Demyanovskaya sonda bildirir ki, ən ideal seçim adi su və ya mineral sudur. Bu içkilər həm bədəni nəmləndirir, həm də itirilmiş elektrolitləri bərpa etməyə kömək edir.