İnsanda erkən uşaqlıq dövründə formalaşan qidalanma vərdişləri onun gələcəkdə qidalanma rasionu və sağlamlığı üçün vacib hesab edilir. Uşaqlar böyüdükcə onlarda bu vərdişləri dəyişdirmək çətinləşir.
Belə ki, ev və bağça kimi uşaqların daha çox zaman keçirdiyi mühitlər onların qidalanma vərdişlərinin formalaşmasında mühüm yer tutur. Uşaqlar çox vaxt böyüklərin davranışlarını təqlid etdiyi üçün evdəki qidalanma mühiti və vərdişlər onların qida rasionuna və nəticə etibarı ilə sağlamlığına təsir göstərir. Xüsusilə, valideynlər uşaqların qidalanma vərdişlərinə əsaslı təsir göstərsələr də, bağçaya gedən azyaşlılar bağçanın qidalanma mühitindən də təsirlənirlər. Buna görə də, məktəbəqədər yaşlı uşaqların qidalanmasına həm evdə, həm də bağçada ciddi fikir verilməlidir. Onların qidalanması zamanı nəzərə alınması vacib olan faydalı məsləhətlər isə bunlardır:
- Uşaqların qidalanması üçün sağlam qəlyanaltılar təşkil etmək;
- Qidalanma zamanı uşaqların diqqətini yeməyə yönləndirmək, onları düzgün olmayan davranışlardan (yeməklə oynamaq, yemək zamanı telefon, tablet və digər oyunlarla oynamaq və s.) çəkindirmək;
- Yemək yeyərkən qaçmağın və ya oynamağın qidanın nəfəs borusuna getməsinə səbəb olma riskini nəzərə alaraq yeməyi oturaraq yeməsinə diqqət yetirmək;
- Uşaqlara yaş qruplarından asılı olaraq əlavə qidaları vaxtında tətbiq etmək;
- Qida qəbulu vaxtını mümkün qədər xoş keçirmək və uşaqları məcburi yedirməmək. Bu hal normadan artıq yemək yeyilməsinə və uşaqların çəkisinin kortəbii şəkildə artmasına səbəb ola bilər.
- Sağlam qidalanma vərdişlərində nümunəvi davranmaq. Belə ki, məktəbəqədər yaşlı uşaqlar adətən valideynlərindən gördüklərini təkrar edirlər. Bu baxımdan, əgər valideyndə qeyri-sağlam qidalanma vərdişləri varsa, bu uşaqda da özünü büruzə verə bilər.
Sadalananlarla yanaşı, məktəbəqədər yaşlı uşaqların qidalanması zamanı istifadə olunan qida məhsullarına fikir verilməsi də zəruri amillərdəndir.
Amerika Birləşmiş Ştatlarının Kənd Təsərrüfatı Departamenti ilə Səhiyyə və İnsan Xidmətləri Departamenti valideynlərə 2 və daha yuxarı yaşda olan uşaqların sağlam və rasional qidalanmasının təmin edilməsi üçün əsasən 5 qida qrupuna aid məhsullarla qidalanmağı tövsiyə edir. Taxıl, tərəvəz, meyvə, zülal və süd məhsullarının rasiona daxil edilməsinin əhəmiyyəti vurğulanır.
Karbohidrat və B qrup vitaminlərinin mənbəyi hesab edilən taxıllar mütləq uşaqların rasionunda yer almalıdır. Xüsusilə qida dəyəri artıq olan tam taxıl məhsullarından istifadə arzuediləndir.
İstənilən meyvə və ya meyvə şirəsi də bu qrupa daxildir. Meyvələr təzə, dondurulmuş və ya qurudulmuş, eləcə də bütöv və ya püre halında ola bilər. Amerika Birləşmiş Ştatları Pediatriya Akademiyası 1 yaşdan 3 yaşa qədər olan uşaqlar üçün gündə yarım fincandan çox olmayaraq, 4-6 yaş arasında olan uşaqlar üçün isə gündə maksimum 1 fincan miqdarında şirə verilməsini tövsiyə edir.
Zülala olan tələbatı ödəmək üçün az yağlı və ya yağsız heyvan və quş əti məhsulları seçmək məsləhətdir. Bununla yanaşı, daha çox balıq, qoz, fındıq, noxud və lobyadan istifadəyə üstünlük verilməsi məqsədəuyğundur.
Bu yaşlarda uşaqlar üçün süd məhsulları və turş süd məhsulları qida rasionunun mühüm hissəsi hesab olunur. Tövsiyə edilir ki, daha çox yağsız və ya az yağlı süd məhsullarından istifadə edilsin.
Qeyd edək ki, yağlar bu qida qrupuna aid olunmur. Lakin onlardan bəziləri qərzəkli meyvələrin yağları kimi əsas qida maddələrinə malikdir və qida rasionuna daxil edilə bilər. Heyvan mənşəli yağlar kimi bərk yağların istifadəsindən isə çəkinmək lazımdır.
Onu da bildirək ki, uşaqların sağlam qidalanması ilə yanaşı, onların gündəlik fiziki aktivliyə təşviq edilməsi də vacibdir.
Məqalə “Elmi Araşdırmalar Mərkəzi” departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin baş mütəxəssisi Cəmilə Hacızadə tərəfindən hazırlanıb.