Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) təşəbbüsü ilə həyata keçirilən SOVQAT (Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlayışının Tətbiqi) layihəsi davam etdirilir. Layihə çərçivəsində təşkil olunan növbəti “Peşəkarlarla görüş” "İctimai iaşə obyektlərində qida təhlükəsizliyi" mövzusunda keçirilib. Foodinfo.az xəbər verir ki, tədbirdə SOVQAT layihəsinin qida təhlükəsizliyi sahəsində çalışan sahibkarlıq subyektlərinin fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurması, eləcə də qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi baxımından mühüm rol oynadığı qeyd olunub. Daha sonra qida zənciri boyunca fəaliyyət göstərən sahibkarlara “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu, qida təhlükəsizliyi idarəetmə sistemi, ictimai iaşə müəssisələrində ilkin şərtlər, təhlükə, risk və nəzarət tədbirləri, qida təhlükələri və zəhərlənmələri, zərərvericilərə qarşı mübarizə və HACCP sistemi barədə ətraflı məlumat verilib. Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların fikirləri dinlənilib və onların sualları cavablandırılıb. Qeyd edək ki, SOVQAT layihəsinin məqsədi qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir. Layihənin icrası “Açıq Qapı”, “Təcrübə mübadiləsi”, “Sahibkarların beynəlxalq vebinarlara cəlb edilməsi” və “Peşəkarlarla görüş” istiqamətləri üzrə həyata keçirilir.