Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Bitki sağlamlığı şöbəsinin mütəxəssisləri Camal Quliyev, Səidə Zeynalova, Tərlan Qorçiyeva "Qarğıdalı bitkisinə ziyan vuran əsas xəstəliklər" adlı məqalə hazırlayıblar.
Foodinfo.az həmin məqaləni təqdim edir:
"Qarğıdalı (Zea mays L.) taxıllar (Graminea) fəsiləsinə aid olan birillik dənli bitkidir. Qarğıdalı bitkisi əsasən Meksikada məşhur olsa da, onun vətəni Mərkəzi və Cənubi Amerika hesab edilir. Əvvəllər ondan bəzək bitkisi kimi istifadə edilsə də, çox keçmədən qiymətli ərzaq və yem bitkisi olaraq geniş becərilməyə başlanılıb.
Qarğıdalı istiliksevən bitki kimi dünyanın əksər ölkələrində becərilir. Dünyada dənli bitkilər arasında buğdadan sonra ən çox yetişdirilən ikinci bitki hesab olunur. Bu bitki çoxşaxəli istifadəyə və yüksək məhsuldarlığa malik olmaqla, mühüm dən və yem bitkisidir. Dünya ölkələrində qarğıdalının 20 %-i ərzaqlıq, 15-20 %-i texniki məqsədlər üçün, təxminən 60-65 %-i isə yem kimi istifadə edilir. Aparılan tədqiqatlara görə, 2025-ci il üçün qarğıdalı dünya üzrə ən yüksək məhsuldarlığa malik dənli bitkilərdən olacaqdır. Həmçinin 2050-ci ilədək inkişaf etməkdə olan ölkələrdə qarğıdalıya tələbat ikiqat artacaqdır. Lakin yüksək məhsul əldə etmək üçün qarğıdalı bitkisinin əkini və becərilməsi zamanı bir sıra diqqət edilməli məqamlar var. Xüsusilə də düzgün aqrotexniki qulluq tədbirlərinin və zərərli orqanizmlərə qarşı mütərəqqi mübarizə metodlarının tətbiq olunması ilə hektardan 80-90 sentnerə yaxın məhsul əldə etmək mümkündür.
Ölkəmiz qarğıdalı bitkisinin becərilməsi üçün əlverişli torpaq-iqlim şəraitinə malikdir. Xüsusilə də günəş-enerji balansı bir ildə eyni sahədən iki dəfə məhsul alınmasına imkan verir. Bu baxımdan qarğıdalı təkrar əkin üçün mühüm bitki sayılır. Yüksək məhsuldarlığı və keyfiyyəti təmin etmək üçün sağlam əkin materialının seçilməsi, bitkiyə lazımi aqrotexniki qulluq göstərilməsi zəruri amillərdəndir. Qarğıdalı sahələrində aqrotexniki tədbirlərin düzgün və vaxtında aparılması xəstəlik, zərərverici və alaqlara qarşı bitkini effektiv mühafizə etməyə də imkan yaradır. Bir sıra bakterial və göbələk mənşəli xəstəliklər vardır ki, qarğıdalı bitkisinin inkişafını zəiflədir, ciddi məhsul itkisinə səbəb olur:
- Qarğıdalı yarpağının ləkəliliyi (Cochliobolus carbonum R.R. Nelson, 1959)
- Qarğıdalıda cənub helmintosporiozu (Cochliobolus heterostrophus Drechsler, 1934)
- Qarğıdalıda diplodioz (Stenocarpella maydis (Berkeley) Sutton)
- Qarğıdalının bakterial solması (Pantoea stewartii subsp. Stewartii (Smith, 1898) Mergaert et al. (1993)