Qəhvəyi mərmər bağacığın ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə növbəti tədbir Tovuz rayonunda təşkil olunub.
Foodinfo.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Aqrar İnkişaf Mərkəzinin yerli bölmələrinin təmsilçiləri, eləcə də Tovuz Rayon İcra Hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak ediblər.
Tədbirdə “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamından irəli gələn, o cümlədən zərərverici ilə bağlı əhalinin maarifləndirilməsinə dair məsələlər önə çəkilib. Sərəncamla təsdiq olunan “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi fəaliyyətinə dair Tədbirlər Planı”nda nəzərdə tutulan işlərin koordinasiyalı icrasını təşkil etməkdən ötrü fəaliyyət istiqamətləri müzakirə olunub. Həmçinin AQTA-nın əməkdaşları tərəfindən zərərvericinin vaxtında aşkar edilməsi, yayılmasının qarşısının alınması və qışlama ocaqlarının müəyyənləşdirilməsi məqsədilə aparılan monitorinqlər barədə məlumat verilib. Eyni zamanda iştirakçılara, o cümlədən də inzibati ərazi dairələri üzrə nümayəndələrə əhali arasında paylamaq üçün qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirici bukletlər təqdim olunub.
Qeyd edək ki, qəhvəyi mərmər bağacığın müşahidə edildiyi ölkəmizin şimal-qərb və qərb rayonlarında tədbirlərin keçirilməsi ilə yanaşı, zərərverici haqqında maarifləndirici buklet və bannerlər də yerli əhali arasında paylanır, müvafiq yerlərə yapışdırılır. Eləcə də KİV-də məlumatlar, sosial şəbəkələrdə posterlər yayımlanır. Həmçinin qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirici videoçarx hazırlanaraq geniş ictimaiyyətə təqdim olunub.
[gallery ids="53334,53335,53336,53337,53338,53339,53340"]