Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədi ilə keçirilən təlimləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən “Al Market” mağazalar şəbəkəsinin əməkdaşları üçün “Qida istehsalında şəxsi gigiyena” mövzusunda keçirilib. Təlimdə iştirakçılara qida zəncirinin bütün mərhələlərində yerinə yetirilməsi vacib olan gigiyena qaydaları barədə məlumat verilib. Həmçinin qida təhlükəsizliyində şəxsi gigiyenanın önəmindən və təmizlik qaydalarından danışılıb. Qida istehsalı zamanı şəxsi gigiyena qaydalarına əməl olunmasının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Təlim zamanı şəxsi gigiyena ilə əlaqədar aparılmış tədqiqatların nəticələrinə dair görüntülər də nümayiş etdirilib. Eyni zamanda, təlimdə iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim olunub. Təlimdən sonra iştirakçılar nümunəvi ictimai-iaşə müəssisəsinin fəaliyyəti, o cümlədən orada gigiyena qaydalarına əməl edilməsi vəziyyəti ilə tanış olublar.