Sahibkarlıq subyektlərinin fəaliyyətinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən mütəmadi olaraq təlimlər keçirilir. Foodinfo.az xəbər verir ki, növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən “Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “Qida məhsullarının saxlanma və daşınma proseslərində qida təhlükəsizliyinə dair tələblər” mövzusunda təşkil edilib. Təlim zamanı iştirakçılar qida zəncirinin mərhələləri, qida məhsullarının saxlanması və daşınması prosesləri, bu zaman icra edilməli olan təhlükəsizlik qaydaları və qanunvericiliyin tələbləri, eləcə də beynəlxalq təcrübə haqqında ətraflı məlumatlandırılıb. Həmçinin təlimdə qida məhsullarının saxlanması və daşınması zamanı müşayətedici sənədlərin təmin olunması, xəbərdaredici nişanlar və bu proses çərçivəsində tətbiq edilməsi vacib olan digər məsələlər barədə məlumat verilib. Təlim zamanı iştirakçıların sualları cavablandırılıb və tədbirin sonunda onlara sertifikatlar təqdim edilib.