Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə xüsusi təhlükəli xəstəliklər üzrə böhran vəziyyətinin idarə olunması üçün ixtisaslaşmış əməliyyat qruplarının assosiativ-simulyasiya təlimləri keçiriləcək. Foodinfo.az-ın xəbərinə görə, cari ilin 16-17 noyabr tarixlərində yüksək patogen quş qripi, dabaq və quduzluq xəstəlikləri üzrə böhran vəziyyətinin idarə olunması məqsədilə keçiriləcək təlimlərdə nəzəri və praktiki məşğələlərin keçirilməsi planlaşdırılır. Tədbirdə Agentliyin, Qida Təhlükəsizliyi İnstitutunun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Baytarlıq Elmi Tədqiqat İnstitutunun, Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Abşeron və Binəqədi rayon icra hakimiyyətlərinin, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin əməkdaşlarının və mütəxəssislərinin iştirakı nəzərdə tutulub. Təlimdə ilk dəfə olaraq müdaxilə edilməsi çətin olan relyef şəraitində, habelə həmin yerlərdə yerləşən vəhşi quşların və heyvanların yuvalarında dronlar vasitəsilə müşahidələrin aparılması və əldə olunan məlumatların elektron sistem üzərindən izlənməsi təmin ediləcək. Qeyd edək ki, təlim haqqında məlumat Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi internet saytında yayımlanacaq və bu istiqamətdə respublikamızda tətbiq edilən təcrübənin digər ölkələrdə də tətbiq edilməsinə şərait yaradılacaq.