İsrailin "Torr FoodTech" startapı batonların inqrediyentlərini bir-birinə bağlayan şəkərli siropu əvəz etmək üçün unikal və innovativ üsul hazırlayıb.

Bildirilir ki, mütəxəssislər əvvəlki “yapışdırma” üsulu əvəzinə, səs dalğalarından istifadəyə keçiblər. Onların köməyi ilə inqrediyentləri sıxaraq bir yerdə saxlayırlar.

Əksər Granola batonları və protein batonları, tərkibində sağlam maddələr olmasına baxmayaraq, əslində "qeyri-sağlam"dır.

Problem buradadır ki, onların hər biri inqrediyentləri bir-birinə "yapışdırmaq" üçün şəkərdən istifadə edir. Beləliklə, tərkibinə sağlam meyvələr, dənlər və qoz-fındıq daxil olsa belə, bu, həqiqətdə sağlam bir qida sayıla bilməz.

"Torr FoodTech" qurudulmuş meyvələri, qoz-fındıq və digər inqrediyentləri presləmək üçün insanların eşidə bilmədiyi ultrasəs səs dalğalarının və mexaniki təzyiqin unikal birləşməsindən istifadə etməyə başlayıb.

Qeyd etmək lazımdır ki, yeni üsul kifayət qədər maraqlıdır - yalnız təzyiqdən istifadə olunsaydı, inqrediyentlər əziləcəkdi. Lakin bu və ultrasəs dalğalarının birləşməsi inqrediyentlərin struktur bütövlüyünün, qida dəyərinin və saxlama müddətinin eyni səviyyədə qalmasını təmin edir.

Nərmin