Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri tərəfindən AXA-nın yerli qurumlarının əməkdaşlarının iştirakı ilə Zaqatala rayonunun qəsəbə və kəndlərində görüşlər keçirilib. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüşlərin keçirilməsində məqsəd Şəki-Zaqatala bölgəsində aşkar edilmiş təhlükəli zərərverici olan qəhvəyi mərmər taxtabiti (Halyomorpha halys) haqqında fermerlərin və kənd sakinlərinin maarifləndirilməsidir. 500-dən çox kənd sakini, fermer və təsərrüfat sahiblərinin iştirak etdiyi tədbirdə qəhvəyi mərmər taxtabiti haqqında və mübarizə tədbirləri barədə geniş məlumat verilib. Zərərvericinin fenologiyasına uyğun olaraq indiki dövrdə qışlamaya getməsini nəzərə alıb mexaniki toplanaraq məhv edilməsinin zəruriliyi diqqətə çatdırılıb. Həmçinin biotexniki mübarizə çərçivəsində kənd sakinlərinə feromon tələlər verilib və maarifləndirici bukletlər paylanılıb. Qeyd edək ki, ardıcıl həyata keçirilən maarifləndirici görüşlər və mübarizə tədbirləri nəticəsində zərərvercinin populyasiya sıxlığında kifayət qədər azalma müşahidə edilməkdədir. Tədbirlər davam etdirilir. [gallery ids="50901,50902,50903"]