Dərinin elastikliyini qoruyan və oynaqların sağlamlığına müsbət təsir göstərən jelatin son illər yenidən diqqət mərkəzinə çevrilib. Foodinfo.az Championat.com-a istinadən xəbər verir ki, jelatinin həm qədim mətbəxlərdə, həm də müasir qidalanmada xüsusi yer tutur.
Məlumata görə, jelatinin istifadəsi əsrlər əvvəlinə gedib çıxır və orta əsrlərdə aşpazlar sümüklərdən və qığırdaqlardan hazırlanan bulyonların soyuduqda donaraq jelatinə çevrildiyini kəşf etmişdilər. Sonralar bu məhsul təkcə qidada deyil, həm də dərman və fotoqrafiya sahələrində geniş tətbiq olunmağa başlayıb və bu gün də müxtəlif qidaların ayrılmaz hissəsidir.
Mütəxəssislər bildirirlər ki, jelatinin tərkibinin 85-90 faizini zülal təşkil edir və bu zülal əsasən kollagen mənşəlidir. Onun tərkibində olan qlisin, prolin və hidroksiprolin kimi aminturşuları bədənimizin kollagen istehsalını dəstəkləyir və bu xüsusiyyət onu həm dəri, həm də oynaqlar üçün faydalı edir. Jelatinin mineral və vitamin baxımından zəngin olmasa da, kollagenin formalaşmasında oynadığı rol onu dəyərli edir.
Mütəxəssislərin fikrincə, jelatinin müntəzəm şəkildə – gündə 10-15 qram qəbul edilməsi oynaqlarda hərəkətliliyin yaxşılaşmasına, ağrıların azalmasına və xüsusilə osteoartrozdan əziyyət çəkən insanlarda rahatlığa səbəb ola bilər. Bu təsirə nail olmaq üçün jelatinin C vitamini ilə birlikdə qəbul olunması tövsiyə edilir. Araşdırmalar göstərir ki, jelatin dəriyə də müsbət təsir göstərir, elastikliyi artırır, quruluğu azaldır və incə qırışların görünməsini zəiflədir.
Jelatinin tərkibindəki maddələr saç və dırnaqların möhkəmlənməsinə də yardım edir. Qlisin və prolin kütikula və keratinin formalaşmasında rol oynayır və bu, uzun müddətli qəbul zamanı dırnaqların daha az qırılmasına və saçların daha sağlam görünməsinə səbəb ola bilər. Jelatinin qastronomik üstünlüklərindən biri də onun mədə üçün yumşaldıcı təsiri və selikli qişanı qoruma xüsusiyyətidir.
Bununla yanaşı, mütəxəssislər jelatinin həddindən artıq istifadəsinin bəzi narahatlıqlara səbəb ola biləcəyinə diqqət çəkirlər. Gündə 20-30 qramdan artıq qəbul edildikdə həzm pozuntuları və qarında ağırlıq hissi yarana bilər. Həmçinin heyvan mənşəli olması səbəbindən vegeterian və vegan qidalanma tərzinə uyğun deyil və bəzi dini qida qaydalarına uyğun gəlməyə bilər.
Qidalanma üzrə ekspertlər jelatinin gündə 5-15 qram arasında qəbul edilməsini məsləhət görür və bunun həm dəri, həm oynaqlar, həm də ümumi sağlamlıq üçün yetərli olduğunu bildirirlər. Bitki mənşəli alternativlərə ehtiyac olanlar üçün isə agar-agar və pektin kimi məhsullar tövsiyə olunur.
Jelatin orqanizmdə kollagenin dəstəklənməsi üçün ən əlçatan təbii mənbələrdən biri hesab olunur və doğru şəkildə istifadə edildikdə həm xarici görünüşə, həm də oynaqların sağlamlığına müsbət təsir göstərir.






