16 dekabr 2022-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Təhlükəsiz qida” adlı onlayn verilişi “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq. Foodinfo.az xəbər verir ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan yeniliklərə həsr olunan verilişdə təhlükəli qidaların reyestrinin yaradılması, qida məhsullarının zənginləşdirilməsinin həyata keçirilməsi, həmçinin qanunla müəyyən olunan məhsulların qeydiyyatı barədə izləyicilərə geniş məlumat veriləcək. Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları AQTA-nın şöbə müdiri Ramazan Nəbiyevə ünvanlaya bilərsiniz. “Təhlükəsiz qida” onlayn veriliş layihəsinin reallaşdırılmasında məqsəd qida məhsulları istehlakçılarının, habelə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsini təmin etməkdir.