25 yanvar 2023-cü il tarixində saat 11:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “Təlim saatı” adlı onlayn verilişinin növbəti buraxılışı "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq.
Foodinfo.az xəbər verir ki, “Təlim saatı” onlayn veriliş layihəsinin həyata keçirilməsində məqsəd bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi, eyni zamanda qida təhlükəsizliyi sahəsində elmi bazanın təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsini təmin etməkdir.
Budəfəki buraxılışda qidaların tərkibində rast gəlinən, həmçinin insan, heyvan və bitkilərdə müxtəlif xəstəliklər əmələ gətirən mikroorqanizmlər, eləcə də qida infeksiyalarına və zəhərlənmələrə səbəb olan Listeria Monocytagenes bakteriyası, bu bakteriyanın səbəb olduğu xəstəliklər və həmin xəstəliklərdən qorunma yollarına dair zəruri məlumatlar izləyicilərin diqqətinə çatdırılacaq.
Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyasının baş mikrobioloqu Leyla Mehdibəyliyə ünvanlaya bilərsiniz.
Qeyd edək ki, AQTİ qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsultasiya, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.