Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublikanın xırdabuynuzlu heyvanların taunu xəstəliyindən (XBT) azad status alması məqsədilə böhran vəziyyətinin idarə olunması üçün simulyasiya təlimi keçirəcək.
Foodinfo.az xəbər verir ki, təlim 20-21 iyul tarixlərində Şabran rayonunda Agentliyin və digər aidiyyəti dövlət qurumularının əməkdaşlarının iştirakı ilə keçiriləcək.
Təlimdə xəstəlik törədicisinin mümkün yoluxma yollarını müəyyənləşdirmək məqsədilə epizootoloji təhlil aparılacaq, ehtimal olunan ocağın sərhədləri, qeyri-sağlam məntəqə və təhlükəli zona müəyyən ediləcək. Epidemioloji araşdırmanın nəticəsinə əsaslanaraq, potensial əlaqəli müəssisələrə rəsmi nəzarətin təşkil edilməsinə dair göstəriş veriləcək və təsərrüfatlarda xırdabuynuzlu heyvanların taununun mövcudluğunu müəyyən etmək üçün lazımi araşdırmalar aparılacaq. Xəstəliyin müəyyən edilməsi işlərindən dərhal sonra həmin müəssisənin ətrafında mühafizə və müşahidə ərazisi müəyyənləşdiriləcək, eyni zamanda yoluxma zonasında təcridetmə və dezinfeksiya işləri həyata keçiriləcək.
Simulyasiya təliminin keçirilməsində məqsəd xırdabuynuzlu heyvanların taunu xəstəliyinin erkən aşkarlanması, vaxtında zəruri tədbirlərin həyata keçirilməsi, xəstəliklə bağlı şübhəli hallarda səyyar laboratoriya diaqnostikasının aparılması və bu sahədə fəaliyyət göstərən kadrların peşəkarlığının artırılmasıdır.