Beyin fəaliyyəti və yaddaş üçün vacib hesab olunan xolin maddəsi son illərdə elm adamlarının diqqət mərkəzindədir. Foodinfo.az xəbər verir ki, biotənzimləmə və sağlam qidalanma üzrə mütəxəssis Mariya Molostvova xolinin beyin və qaraciyər sağlamlığında mühüm rol oynadığını bildirib.

Onun sözlərinə görə, xolin beynin normal işləməsini təmin edir, diqqəti və yaddaşı gücləndirir, həmçinin sinir siqnallarının ötürülməsini sürətləndirir. Molostvova əlavə edib ki, bu maddə orqanizmdə lipidlərin səviyyəsini tənzimləyir və qaraciyərdə piy toplanmasının qarşısını alır.

Mütəxəssis vurğulayıb ki, xolin çatışmazlığı uzunmüddətli yaddaş zəifləməsinə, diqqət dağınıqlığına və qaraciyər fəaliyyətinin pozulmasına səbəb ola bilər. Buna görə də gündəlik qidalanmada bu maddənin mənbələrinə yer vermək vacibdir.

Molostvovanın sözlərinə görə, xolinin əsas təbii mənbələri heyvani mənşəli qidalardır — yumurta, ət və süd məhsulları bu baxımdan ən zəngin qidalar sayılır. O, xüsusilə səhər yeməklərində yumurtanın daxil edilməsini xolinin təbii şəkildə bərpası üçün faydalı adlandırıb.

Mütəxəssis əlavə edib ki, sağlam beyin və güclü yaddaş üçün balanslı qidalanma və xolinlə zəngin məhsulların gündəlik menyuda yer alması vacibdir.