Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bölgələrdə zərərvericilərə qarşı mübarizəyə dair maarifləndirici tədbirləri davam etdirir. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində növbəti görüşlər Zaqatala rayonunda təşkil olunub. AQTA, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası və Kənd Təsərrüfatı Nazirliyinin yerli qurumlarının birgə təşkilatçılığı əsasında keçirilən görüşlər qəhvəyi mərmər taxtabiti ilə mübarizə tədbirlərinə həsr olunub. Mövzu ilə bağlı həm mütəxəssislər səviyyəsində, həm də Zaqatalanın qəsəbə və kəndlərində yaşayan sakinlərlə söhbət aparılıb. Sakinlərlə görüş zamanı iştirakçılar qəhvəyi mərmər taxtabiti  və onunla mübarizə tədbirləri haqqında məlumatlandırılıb. Qışlamaya getdiyi dövrdə zərərverici ilə mexaniki mübarizə aparılmasının zəruriliyi bildirilib. Həmçinin yerli sakinlərə qəhvəyi mərmər taxtabiti ilə biotexniki mübarizə aparılması üçün feromon tələlər verilib. Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb. [gallery ids="51131,51132"]