Bitki və bitkiçilik məhsullarından nümunə üçün zərərvericilərin toplanması zamanı tripslərin, digər kiçik zərərvericilərin və gənələrin toplanması müvafiq tələblərə uyğun həyata keçirilir.
Foodinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”a əsasən, tripslərin, digər kiçik zərərvericilərin və gənələrin toplanması zamanı kağız üzərinə tökülmüş zərərvericilər nazik akvarel fırçası ilə və ya isladılmış iynənin ucu ilə içərisində 70%-li spirt olan sınaq şüşəsinə toplanılır. Böyük fərdlərin (qanadlı və ya qanadsız) toplanması zəruridir. Analoji qaydada 70-80%-li spirtə batırılmış fırçanın köməyi ilə otyeyənlər, qarışqalar, termitlər və digər kiçik həşəratlar yığılır. Gənələr spirtə batırılmış iynənin köməyi ilə yığılır. Növlərin müəyyən edilməsi üçün canlı nümunələri substratın bir hissəsi ilə yığıb boş sınaq şüşələrinə yerləşdirmək lazımdır.