Azərbaycanda ərzaq və qeyri-ərzaq mallarının keyfiyyəti üzərində dövlət nəzarəti gücləndiriləcək. Foodinfo.az xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində öz əksini tapıb. Sazişə əsasən, hər üç qurum geni dəyişdirilmiş məhsulların və saxta malların ölkəyə gətirilməsinin qarşısını almaq, ərzaq və qeyri-ərzaq mallarının keyfiyyəti üzərində dövlət nəzarətini gücləndirmək öhdəliyi götürüb.
Bundan başqa ərzaq təhlükəsizliyi üzrə ixtisaslaşdırılmış informasiya və monitorinq sistemi də yaradılacaq. Sazişə əsasən, hər üç qurum ərzaq təhlükəsizliyi üzrə ixtisaslaşdırılmış informasiya və monitorinq sistemini yaratmaq, ərzaq təhlükəsizliyi ilə bağlı məlumatları toplamaq, vahid məlumat bazasında sistemləşdirilməsini təmin etmək öhdəliyi götürüb.