Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir. Bu çərçivədə növbəti görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki Məktəb-Lisey Kompleksinin şagirdləri ilə keçirilib.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, tədbirdə məktəblilər Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumatlandırılıb. Həmçinin “Səhər yeməyi günün ən vacib yeməyidir” və “Qazlı-şəkərli və enerji içkilərinin uşaq orqanizminə təsiri” mövzularında təqdimatlar edilib, şagirdlərlə fikir mübadiləsi aparılıb. Eyni zamanda istehlakçı kimi qida təhlükəsizliyi ilə bağlı qarşılaşdıqları hər hansı problem olduqda və ya sağlam qidalanma ilə əlaqədar suallar yarandıqda AQTA-nın “1003 Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri məktəblilərin diqqətinə çatdırılıb. 

Görüşün sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsi məktəblilər arasında sağlam qidalanmanının təşviq edilməsi, qida təhlükəsizliyi anlayışının təbliğ olunması və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilir.