Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən yerli icra orqanlarının nümayəndələri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, M.Xiyabani 14 ünvanı ilə üzbəüz ünvanında yerləşən fiziki şəxs Səfərov Surxay Akif oğluna məxsus “Nağı ət dükanı” adlı ət satışı mağazasında reyd keçirilib. Yoxlama zamanı mağazanın qarşısında diri heyvanların saxlanılması və kəsiminin həyata keçirildiyi müəyyən olunub. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Qanunsuz olaraq quraşdırılmış dəmir konstruksiya sökülüb, kəsimlə məşğul olan şəxs barəsində inzibati protokol tərtib edilib və fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmaq, heyvan kəsimini mərkəzləşdirilmiş, müasir məntəqələrdə həyata keçirmək üçün zəruri məlumatlar verilib.
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.