İyulun 29-31-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyətinin Belarus Respublikasına işgüzar səfəri olub.
Foodinfo.az xəbər verir ki səfərin məqsədi iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, o cümlədən Azərbaycan Respublikasında baytarlıq preparatlarının istehsalı sahələrində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üzrə müzakirələrin aparılmasıdır.
Səfər çərçivəsində Agentliyin sədr müavini Balarəhim Quliyevin rəhbərliyi ilə nümayəndə heyətinin Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq naziri Anatoliy Lineviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib. Azərbaycan səfirinin də iştirak etdiyi görüşdə Agentlik rəhbərinin Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq naziri vəzifəsinə təyin olunması münasibətilə təbriki çatdırılıb. Azərbaycan və Belarus respublikalarının müvafiq qurumları arasında davam etdirilən əlaqələrin daha da genişləndirilməsi istiqamətində potensialın artırılmasının önəmi diqqətə çatdırılıb. Müzakirələr zamanı Azərbaycanda baytarlıq preparatları istehsalının yaradılmasına dair əldə edilmiş razılaşmaların həyata keçirilməsi məsələlərinə toxunulub. Azərbaycan və Belarus ölkəmizdə baytarlıq preparatlarının istehsalının yaradılması üzrə konkret tədbirləri əks etdirən yol xəritəsinin hazırlanması barədə razılığa gəliblər. Həmçinin heyvanların identifikasiyası, qeydiyyatı və izlənməsi sisteminin yaradılması və tətbiqi sahəsində cari əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub. Görüşdə Belarus Respublikasının qida obyektlərinin (quş əti, quş əti və onun əlavə məhsullarının, habelə yumurta istehsalı və emalı müəssisələri) təsdiqi sisteminin ekvivalentliyinin tanınması üçün gələcək işlər də müzakirə edilib. Eyni zamanda, fitosanitar nəzarəti sahəsində dövlət tənzimləyici orqanlarının informasiya sistemlərinin inteqrasiyası çərçivəsində fitosanitar sertifikatları və fitosanitar nəzarətinin nəticələri barədə elektron formada məlumat mübadiləsi baxımından tərəflərin qarşılıqlı fəaliyyəti ilə bağlı məsələlər də nəzərdən keçirilib.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində “BelVitunifarm” ASC-yə, “Belarus Dövlət Baytarlıq Mərkəzi” Dövlət Müəssisəsinə, Baytarlıq-Sanitar Ekspertiza Laboratoriyasına, Heyvanların İdentifikasiya Mərkəzinə və Milli Ticarət Evinə də baxış keçirib.