Səhər yeməyi günün ən əsas və orqanizmi oyadan qidalanma mərhələsidir. Foodinfo.az xəbər verir ki, bəzi məhsullar acqarına qəbul edildikdə fayda əvəzinə zərər verə bilər və həzm sisteminə artıq yük salır.

Qırmızı ət
Qırmızı ət tərkibində çoxlu yağ və zülal saxladığı üçün mədə tərəfindən ağır həzm olunur. Səhər saatlarında orqanizmin ferment fəaliyyəti hələ tam oyanmadığından bu qida mədədə ağırlıq və narahatlıq yaradır. Qırmızı əti günün ikinci yarısında qəbul etmək daha məqsədəuyğundur, səhər isə yumurta və ya az yağlı toyuq kimi yüngül zülal mənbələri seçilməlidir.

Hazır yoqurtlar və şirin kəsmiklər
Sənaye üsulu ilə hazırlanmış yoqurt və kəsmiklərdə çox zaman gizli şəkər və süni qatqılar olur. Belə məhsullar acqarına yeyildikdə qan şəkərinin kəskin yüksəlməsinə və qısa müddət sonra yenidən aclıq hissinə səbəb olur. Ən doğru seçim təbii, şəkərsiz yoqurtdur və onu yeməkdən bir neçə saat sonra qəbul etmək məsləhətdir.

Turunç meyvələri və şirələri
Limon, portağal, naringi kimi meyvələrdə turşuluq yüksək olduğundan ac mədəyə zərər verir. Belə meyvələr mədə qıcqırmasına, yanmaya və uzunmüddətli halda qastritə yol aça bilər. Vitamin C ehtiyacını səhər yeməyində giləmeyvə və ya tərəvəzlərlə qarşılamaq daha faydalıdır.

Xurma və armud
Bu meyvələrdəki tanin və kobud liflər ac mədəyə düşdükdə bağırsaq hərəkətini ləngidə və köp yarada bilər. Onları günün ikinci yarısında, yeməkdən sonra yemək daha məqsədəuyğundur.

Çiy tərəvəzlər
Səhər saatlarında çiy tərəvəzlərdəki lif və turşular mədəyə ağırlıq salır və qaz yaranmasına səbəb olur. Əgər tərəvəz yeməyi planlaşdırırsınızsa, onları azca bişirib yemək daha uyğundur.

Sarımsaq
Sarımsağın tərkibindəki güclü maddələr mədə divarını qıcıqlandıra bilər. Acqarına yeyildikdə yanma və ağrı hissi yarada bilər.

Qəhvə
Ac mədəyə içilən qəhvə təzyiqin qalxmasına, ürək döyüntüsünün artmasına və mədə turşuluğunun yüksəlməsinə səbəb olur. Günü başlamaq üçün daha yaxşı seçim ilıq su və ya bitki çayıdır.

Soyuq içkilər
Yuxudan sonra dərhal soyuq su və ya içki içmək qan dövranını yavaşlada və həzmi zəiflədə bilər. Ən doğru seçim otaq istiliyində və ya bir qədər ilıq sudur.

Mütəxəssislər səhər yeməyinə başlamazdan əvvəl bir stəkan ilıq su içməyi, 1-2 saat sonra isə zülal, lif və sağlam yağlarla zəngin balanslı səhər yeməyi qəbul etməyi tövsiyə edirlər. Belə qidalanma gün ərzində enerji və diqqət toplamağa kömək edir.