Boğaz ağrısı və öskürək qəfil başladıqda bir çox insan dərmanlardan əvvəl təbii vasitələrə üstünlük verir. Ev şəraitində hazırlanan bəzi içkilər simptomları yüngülləşdirməyə kömək edə bilər. Foodinfo.az BB.lv saytına istinadla xəbər verir ki, mütəxəssislər öskürəyə qarşı ən faydalı içkiləri açıqlayıb.

Siyahının ilk sırasında ilıq süd yer alır. Süd boğazı yumşaldır, qıcıqlanmanı azaldır və bəlğəmin çıxarılmasını asanlaşdırır. Ona bal və ya kərə yağı əlavə etmək təsirini daha da gücləndirə bilər. Əncirlə birlikdə istifadə edildikdə isə həm quru, həm də yaş öskürəyə qarşı faydalı sayılır.

İlıq çay da ən geniş yayılmış vasitələrdəndir. Xüsusilə bal və limon əlavə olunduqda immuniteti gücləndirir və boğazdakı ağrını azaldır. Çobanyastığı dəmləməsi isə iltihabəleyhinə təsiri ilə seçilir və quru öskürək zamanı rahatlaşdırıcı təsir göstərir.

Bəlğəmli öskürək üçün biyan kökü dəmləməsi tövsiyə olunur. Bu içki bəlğəmi duruldaraq onun xaric olunmasını asanlaşdırır. Digər təsirli vasitə isə zoğal şirəsidir – həm öskürəyi azaldır, həm də orqanizmin ümumi müqavimətini artırır. Ona az miqdarda bal əlavə etmək daha yaxşı nəticə verə bilər.

Mütəxəssislər qeyd edir ki, bu içkilər simptomları yüngülləşdirsə də, ciddi hallarda həkimə müraciət etmək vacibdir. Düzgün və vaxtında yanaşma xəstəliyin daha tez aradan qalxmasına kömək edir.