Qaragilə son illərdə ən faydalı meyvələrdən biri kimi daha çox diqqət cəlb edir və xüsusilə beyin sağlamlığına müsbət təsiri ilə seçilir. Bu giləmeyvə zəngin tərkibi sayəsində həm gənclər, həm də yaşlılar üçün faydalı hesab olunur. Foodinfo.az Medical News Today saytına istinadla xəbər verir ki, amerikalı dietoloq Amy Goodson qaragilənin təsirləri barədə danışıb. Onun sözlərinə görə, qaragilə güclü antioksidantlarla zəngindir və bu maddələr beyin hüceyrələrini zədələnmədən qoruyur.
Mütəxəssis bildirir ki, bu meyvənin müntəzəm istifadəsi yaddaşı gücləndirə və diqqət qabiliyyətini artıra bilər. Araşdırmalar göstərir ki, qaragilə iltihabın azalmasına da kömək edir. Bu isə neyrodegenerativ xəstəliklərin riskini aşağı sala bilər. Bundan əlavə, qaragilə qan dövranını yaxşılaşdıraraq beyinə daha çox oksigen çatdırılmasına şərait yaradır. Bu proses isə zehni performansı artırır.
Həkimlər gündəlik rasiona az miqdarda qaragilə əlavə etməyi tövsiyə edir. Onu həm təzə, həm də dondurulmuş formada istifadə etmək mümkündür. Qaragilə səhər yeməyində qatıq və ya yulafla birlikdə xüsusilə faydalı olur. Bu sadə vərdiş uzunmüddətli beyin sağlamlığını qorumağa kömək edə bilər.






