Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və İran İslam Respublikasının Bitkilərin Mühafizəsi Təşkilatının nümayəndə heyətləri arasında görüş keçirilib. Foodinfo.az-ın məlumatına görə, videokonfrans formatında keçirilən görüşdə sərhəd bölgələrinə səhra çəyirtkələrinin hücum ehtimalı olduqda qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub. Bundan əlavə, ölkəmiz vasitəsilə İrana daxil olan Rusiya taxta məmulatlarının dezinfeksiyası, habelə pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalçıları barədə fikir mübadiləsi aparılıb. Sonda Azərbaycan Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında əməkdaşlıq üzrə hazırlanacaq illik fəaliyyət planında qida təhlükəsizliyi, baytarlıq, bitki mühafizəsi və karantini sahələrində informasiya mübadiləsinin həyata keçirilməsinin də nəzərə alınması təklifi ətrafında məsləhətləşmələr aparılıb. Görüşdə həmçinin fitosanitar sertifikatların elektron qaydada verilməsi və bu sahədə məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə gələcəkdə əməkdaşlıq etmək niyyəti ifadə olunub.