Xəbər verdiyimiz kimi, bir həftədir mağazalarda qara çörək qıtlığı müşahidə olunur.
Alıcılar paytaxtın bəzi qəsəbə və rayonlarında yerləşən mağazalarda qara çörək tapa bilmədiklərini bildirirlər. Məlumata görə, buna səbəb ölkədə çovdar unu qıtlığının yaranmasıdır. Rusiyadan idxal məhdudlaşdığı üçün çörəkbişimə müəssisələri çovdar unu ala bilmədiklərini və qara çörək istehsalının dayandığını deyirlər.
Bəs, qara unla yanaşı ağ unla da bağlı qıtlıq yarana bilərmi?
Foodinfo.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli məsələ ilə bağlı Bakupost.az-a açıqlamasında bildirib ki, Azərbaycanda əmtəəlik buğda ilə bağlı təminat o qədər də yüksək səviyyədə deyil:
"Çörək, un məmulatları istehsal etmək üçün əmtəəlik buğdanın cəmi 25 faizini özümüz istehsal edirik, yerdə qalanı isə idxaldan asılıdır. Əsasən də Rusiya, Qazaxıstan, müharibədən əvvəl isə Ukraynadan alırdıq. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra təminatda kifayət qədər problem var. Eyni zamanda qara çörəyin istehsalında istifadə olunan çovdar ununu daha çox Rusiyadan alırdıq. Hazırda Rusiyada ixrac, pul köçürmələrlə bağlı müəyyən problemlər mövcuddur. Nəticə etibarilə bu sahədə problemli vəziyyətin yaranması ehtimalı çoxdur. Yəqin ki, Qazaxıstandan unla bağlı tədarük olacaq. Logistik baxımdan yeganə yaxın, həm də ucuz yer məhz Qazaxıstandır. Həmçinin problemin həlli üçün daxili istehsalın artırılmasına güc vermək lazımdır. İşğaldan azad olunmuş torpaqların həm çovdar, həm arpa, həm də buğda istehsalını artırmaq potensialı var. Bu da məhz qara çörək istehsalını yerli buğda hesabına ödəmək imkanı yaradar. Çünki faiz nisbətində qara çörəyə tələbat, ağ çörəyə nisbətən xeyli azdır. Ona görə də yerli tələbatı ödəmək mümkündür".