Südün həddindən artıq və daimi şəkildə qəbulu sağlamlığa mənfi təsir göstərə bilər. Foodinfo.az News.ru saytına istinadla xəbər verir ki, Dövlət Maarif Universitetinin tibb fakültəsinin cərrahiyyə kafedrasının müəllimi, cərrah Aleksandr Umnov bu barədə danışarkən südün bəzi hallarda orqanizm üçün təhlükə yarada biləcəyini bildirib.

Mütəxəssis izah edib ki, əsas təhlükə iki vəziyyətdə ortaya çıxır. Birinci hal — südü orqanizmin həzm edə bilməməsi, yəni südə qarşı dözümsüzlükdür. Bu zaman bədəndə süd şəkərini parçalamağa cavabdeh olan fermentlər çatışmır və nəticədə insanlarda qarın köpü, ağrılar və qida maddələrinin tam mənimsənilməməsi baş verir. Bu xüsusilə körpəlik dövründə təhlükəlidir.

İkinci risk isə südün çox və uzunmüddətli istifadəsi ilə bağlıdır. Cərrahın sözlərinə görə, böyüklər südü ölçüsüz şəkildə qəbul etdikdə piylənmə və damar divarlarında aterosklerotik yığıntıların yaranması mümkündür.

“Əlbəttə, bu yalnız südü hər gün vedrələrlə içən insanlarda baş verə bilər. Normal və ölçülü istehlak orqanizm üçün təhlükə yaratmır,” – deyə Umnov qeyd edib.

Həkim əlavə edib ki, süd bədənin zülal və kalsium mənbəyi kimi faydalı olsa da, onu digər qidalarla balanslı şəkildə qəbul etmək ən düzgün seçimdir.