Yağlar orqanizmin enerji əldə etməsi, vitaminlərin mənimsənilməsi və hüceyrələrin normal fəaliyyəti üçün vacibdir. Lakin mütəxəssislər bildirirlər ki, həddindən artıq yağlı qidaların müntəzəm istehlakı sağlamlıq üçün müxtəlif risklər yarada bilər.
Foodinfo.az xəbər verir ki, xüsusilə doymuş və trans yağlarla zəngin qidaların çox qəbul edilməsi qanda xolesterin səviyyəsinin yüksəlməsinə səbəb olur. Bu isə zamanla ürək-damar xəstəlikləri riskini artıran amillərdən biri hesab olunur.
Yağlı qidalar yüksək kalorili olduğundan onların həddindən artıq istehlakı artıq çəki və piylənmə riskini də artırır. Artıq çəki isə şəkərli diabet, yüksək təzyiq və digər xroniki xəstəliklərlə əlaqələndirilir.
Həddindən artıq yağlı yeməklər bəzi insanlarda həzm narahatlığı, köp, mədə yanması və ağırlıq hissi yaradır. Xüsusilə gec saatlarda qəbul edilən ağır yeməklər yuxu keyfiyyətinə də mənfi təsir göstərir.
Bununla belə, bütün yağlar zərərli deyil. Zeytun yağı, qoz, badam, fındıq, avokado və balıq kimi qidalarda olan sağlam yağlar balanslı qidalanmanın vacib hissəsi hesab olunur.
Qızardılmış və yüksək emal olunmuş məhsulların istehlakını azaltmaq, əvəzində isə sağlam yağ mənbələrinə üstünlük vermək tövsiyə edilir.
Sağlam qidalanmanın məqsədi yağlardan tamamilə imtina etmək deyil, düzgün yağları seçmək və onların miqdarına nəzarət etməkdir.






