Orqanizmdə maye yığılması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Qidalanma vərdişlərində edilən bəzi dəyişikliklər ödemin azalmasına kömək edir.

Foodinfo.az xəbər verir ki, ilk növbədə duz qəbuluna diqqət yetirilməlidir. Həddindən artıq duz orqanizmdə suyun tutulmasına səbəb olaraq ödem riskini artırır. Buna görə də hazır qidalar, konservlər və duzlu qəlyanaltıların istifadəsini məhdudlaşdırmaq tövsiyə olunur.

Kifayət qədər su içməyin də vacib olduğu vurğulanır. Su qəbulunun az olması əksinə olaraq bədənin maye saxlama meylini artırır.

Ödemin azalmasına kömək edə biləcək qidalar arasında xiyar, cəfəri, qarpız, pomidor, kərəviz, limon, yaşıl yarpaqlı tərəvəzlər xüsusi yer tutur. Bu qidalar yüksək su tərkibinə malik olmaqla yanaşı, orqanizmdən artıq mayenin xaric olunmasına dəstək verir.

Bundan əlavə, kaliumla zəngin qidaların – banan, avokado, kartof və paxlalıların – qəbulu bədəndə natrium balansının qorunmasına kömək edir.

Ödem davamlı xarakter daşıyırsa və ya digər əlamətlərlə müşayiət olunursa, bunun səbəbini müəyyənləşdirmək üçün mütləq həkim müayinəsindən keçmək lazımdır. Çünki bəzi hallarda ödem ürək, böyrək və ya digər sağlamlıq problemlərinin əlaməti ola bilər.