Bakıda Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın (IPPC - International Plant Protection Convention) Avropa və Mərkəzi Asiya üçün regional tədbiri öz işinə başlayıb.
Foodinfo.az xəbər verir ki, tədbirin təşkilatçıları BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi (FAO-REU), Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatı (EPPO) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir.
Tədbir “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” mövzusuna həsr olunub. Tədbirin keçirilməsində əsas məqsəd fitosanitar tədbirlər üzrə beynəlxalq standartların layihələrinin təhlili, onlara dair şərhlərin formalaşdırılması və təqdim edilməsi, 2023-cü il üçün mövzular üzrə çağırış, Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiya haqqında məlumatların artırılması və regional səviyyədə təcrübə mübadiləsi aparmaqdan ibarətdir.
FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional ofisi, Azərbaycan ofisi, IPPC, EPPO və üzv ölkələrin nümayəndələri, o cümlədən, IPPC katibi Osama El-Lissy, EPPO-nun baş direktoru Nico Horn, FAO-nun nümayəndəsi Melek Çakmakın da iştirak etdiyi tədbir paralel olaraq Fransanın Paris şəhərinə birbaşa bağlantı formatında həyata keçirilir.
Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli çıxış edərək bildirib ki, müasir dövrdə bəşəriyyətin qlobal problemlərindən və vəzifələrindən biri əhalinin ərzaq məhsulları ilə etibarlı və dayanıqlı təminatını həyata keçirməkdən ibarətdir. Hazırda dünya ölkələri və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən ərzaq çatışmazlığının və aclığın aradan qaldırılması istiqamətində geniş işlər görülür. Buna baxmayaraq, son illər enerji daşıyıcılarının, istehsal vasitələrinin qiymətlərinin artması, kəskin iqlim dəyişikliyi, su ehtiyatlarının azalması, hərbi münaqişələr və digər neqativ amillər səbəbindən ərzaq məhsullarının qiymətlərində ciddi artımlar baş verir, ərzaq qıtlığı real təhlükəyə çevrilir.
O bildirib ki, qloballaşma, ticarətin inkişafı və iqlim dəyişikliyi nəticəsində zərərli orqanizmlərin yeni ərazilərə keçməsi sürətlənir, onların arealı genişlənir, bitkilər üçün zərərli olan bir sıra yeni virus və bakteriya mənşəli xəstəliklər sürətlə yayılır.
AQTA sədri qeyd edib ki, son illər Azərbaycanda bitki sağlamlığı sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, bitki sağlamlığı və bitki mühafizəsi sahələrində nəzarət sisteminin gücləndirilməsi ilə bağlı əhəmiyyətli nəticələr əldə edilib, bu istiqamətdə müasir tələblərə cavab verən laboratoriya infrastrukturunun yaradılması, kadr və elmi potensialın artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elektron informasiya sisteminin qurulması və digər əhəmiyyətli tədbirlər həyata keçirilib.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov isə bildirib ki, Azərbaycanda bitki sağlamlığı və mühafizəsinin təşkili istiqamətində davamlı işlər görülür. Bu sahədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Kənd Təsərrüfatı Nazirliyi ilə, xüsusilə də nazirliyin Aqrar Xidmətlər Agentliyi ilə koordinasiya olunmuş fəaliyyət aparır.
Qeyd edək ki, Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiya 1951-ci ildə İtaliyanın paytaxtı Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının VI konfransında qəbul olunub. Azərbaycan 14 mart 2000-ci il tarixindən etibarən bu konvensiyaya qoşulub. Konvensiyanın katibliyi üzv ölkələr arasında bitki resurslarının mühafizəsi və təhlükəsiz ticarətin təmini sahəsində informasiya mübadiləsinə kömək edir. Katibliyin üzvləri, həmçinin beynəlxalq standartların hazırlanması və tətbiqinə yardım göstərir, tərəflər arasında münaqişələrin həllində iştirak edir.
[gallery ids="49960,49961,49962"]