Gün ərzində özünü yorğun və tənbəl hiss etməyin səbəbi bəzən qidalanma ilə bağlı olur. Bəzi məhsullar orqanizmdə enerji balansını pozaraq halsızlıq yarada bilər. Foodinfo.az BB.lv saytına istinadla xəbər verir ki, mütəxəssislər enerji səviyyəsini aşağı salan qidaları açıqlayıb.
Fast-food məhsulları – nuggetslər, kartof fri, pizza və hamburgerlər toxluq hissi yaratsa da, orqanizmə lazımi qidaları vermir. Bu qidalar çox vaxt trans yağlar, şəkər və emal olunmuş karbohidratlarla zəngin olur ki, bu da yorğunluğa səbəb olur. Eyni zamanda paketlənmiş və emal olunmuş məhsullar da yüksək duz və əlavə maddələr səbəbilə beyin fəaliyyətinə mənfi təsir göstərə bilər.
Ağ çörək, şirniyyat və rafinə olunmuş undan hazırlanan məhsullar qanda şəkərin sürətlə artıb azalmasına səbəb olur. Bu isə qısa müddətli enerji versə də, sonradan güclü yorğunluq yaradır. Şəkərli və süni şirinləşdiricili məhsullar da eyni təsiri göstərir.
Bəzi faydalı hesab olunan qidalar belə müəyyən hallarda halsızlıq yarada bilər. Məsələn, maqneziumla zəngin qidalar (banan, balqabaq tumu və s.) əzələləri rahatladaraq yuxululuq hissi yarada bilər. Yağlı qidalar isə çətin həzm olunduğu üçün bədəndə ağırlıq və yorğunluq yaradır.
Bundan əlavə, melatonin tərkibli qidalar – albalı, bəzi balıq növləri, hinduşka və hətta kahı yarpaqları sakitləşdirici təsir göstərərək gün ərzində yuxululuğa səbəb ola bilər. Bu səbəbdən belə məhsulları daha çox axşam saatlarında qəbul etmək tövsiyə olunur.
Mütəxəssislər vurğulayır ki, gün ərzində enerjili qalmaq üçün balanslı qidalanmaq, emal olunmuş və ağır məhsullardan uzaq durmaq vacibdir.






