Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlar obyektlərində koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə edilməsi və interaktiv məlumat mübadiləsi üçün məsul şəxs təyin etməli və həmin şəxs haqqında müvafiq məlumatları Agentliyə təqdim etməlidirlər. Agentlikdən Foodinfo.az-a bildirilib ki, ictimai iaşə obyektinə daxili qaydada təyin olunmuş məsul şəxs qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə yoluxma halları ilə bağlı təsirlərin minimuma endirilməsi üçün mütəmadi qaydada operativ nəzarəti həyata keçirməlidir. İşçi heyət üçün gigiyena və sanitariya qaydaları ilə bağlı təlimlərin təşkili məsul şəxslərin vəzifələrindəndir. İctimai iaşə müəssisələrinə təyin olunan məsul şəxslər bütün təmizlik və dezinfeksiya tədbirlərinin ardıcıl olaraq qeydiyyatının aparılması üçün gündəlik nəzarət formaları, habelə keyfiyyətə nəzarət cədvəlləri tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidirlər. Məsul şəxslər, həmçinin, pandemiya dövrü profilaktikasına dair təsdiq olunmuş metodiki göstərişlərin tələbləri ilə bağlı müəssisə daxilində geniş maarifləndirmə və təbliğat işlərini təşkil etməli, müəssisəyə daxil olan hər bir müştərinin bu qaydalara əməl etməsi üçün lazım olan tədbirləri görməlidirlər. Qeyd edək ki, məsul şəxslər barədə müvafiq məlumatların AQTA-ya təqdim edilməsinə ciddi nəzarət olunur, monitorinqlər zamanı belə müəssisələr aşkar olunduqda onların fəaliyyəti barədə qanunvericiliyə uyğun tədbirlər görülür.